“TARİX” ANİMASİYA FİLMİ MİSİRDƏ

"Tarix" animasiya filmi Misirdə keçirilən "14th Cairo International Animation Forum"da iştirak edəcək. Film müsabiqənin qısa animasiya filmləri bölməsinə seçilib.

8-13 noyabr 2023-cü il tarixlərində keçiriləcək müsabiqədə Misir, Birləşmiş Ərəb Əmirlikləri, Honq Konq,  Əlcəzair, Böyük Britaniya, Hindistan, Argentina, Amerika Birləşmiş Ştatları, İtaliya, Venesuela, Yaponiya, Belçika, Fransa, Mərakeş, Braziliya. Almaniya, Hollandiya, Kamerun, Səudiyyə Ərəbistanı, Norveç, Kanada, İsveçrə, Polşa, Çin, Rumıniya, Portuqaliya, Kolumbiya, Koreya, Xorvatiyadan olan filmlər yer alıb.

Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi çərçivəsində Nazirliyin dəstəyi ilə "OB FILM" tərəfindən istehsal olunmuş "Tarix" filminin quruluşçu rejissoru Ceyhun Türksoy, bəstəkarı Şəmsi Tağıyev, ssenari müəllifi və prodüseri Orxan Behbiddir.

Film birinci Qarabağ müharibəsindən sonrakı dövrdə doğulan, ötən illər ərzində Qarabağın işğalı ilə heç cür barışmayan və sonda 27 illik işğalın üstündən qürurla xətt çəkən oğlanın hekayəsidir.

Qeyd edək ki, "Tarix" filmi Portuqaliyada keçirilən, “Oscar” Mükafatına və Kanada Ekran Mükafatlarına klassifikasiyalı 47-ci “CINANIMA – Festival lnternacional de Cinema de Animação” Festivalının “Grand Panorama” proqramına da seçilib.