Tarix animasiya filmi təqdim edildi

Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalibi olmuş "Tarix" animasiya filminin təqdimatı baş tutub. Təqdimat Azərbaycan Kinosu Günü münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda təşkil olunub.

Filmdə 8-9 yaşlı oğlan uşağı Qarabağdakı rayonların işğal tarixlərini əzbərləməklə bağlı ev tapşırığını məktəbli kitabçasından yerinə yetirməyə çalışır. Gün ərzində qəhrəmanın işğal tarixlərini əzbərləyə bilməməsi sanki onun bu tarixlərlə heç cür barışa bilməməsi təəssüratını yaradır. Sonda hərbi oyuncaqları ilə oynayaraq yuxuya gedən qəhrəmanın yuxusunda oyuncaqları hərəkətə gəlir və səmada müxtəlif döyüş tapşırıqlarını yerinə yetirirlər. Texnikalardan açılan atəşi səmadakı atəşfəşanlıq əvəz edir. Yuxudan oyanaraq kitabçasında necəsə üzərindən xətt çəkilmiş işğal tarixlərinə baxan qəhrəman onları maraq və qürurla seyr edir...

Filmin ssenari müəllifi Orxan Behbid, rejissoru Ceyhun Türksoy, bəstəkarı Şəmsi Tağıyevdir.