“Tarix” animasiya filmi beynəlxalq festivalda finala yüksəlib

“Tarix” qısametrajlı animasiya filmi Filippində keçirilən "Batangas Balisong" Beynəlxalq Film Festivalında finalçılar sırasında yer alıb.

Dünyanın müxtəlif ölkələrindən təqdim edilmiş 1642 filmdən 37 film festivalın final mərhələsinə seçilib. Qaliblərin aprel ayının 30-da açıqlanması gözlənilir.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi çərçivəsində "OB FILM" tərəfindən istehsal olunmuş "Tarix" qısametrajlı animasiya filminin quruluşçu rejissoru Ceyhun Türksoy, bəstəkarı Şəmsi Tağıyev, ssenari müəllifi və prodüseri Orxan Behbiddir.

Film birinci Qarabağ müharibəsindən sonrakı dövrdə doğulan, ötən illər ərzində Qarabağın işğalı ilə heç cür barışmayan və sonda 27 illik işğalın üstündən qürurla xətt çəkən oğlanın hekayəsidir.

"Tarix" filmi bundan öncə V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında və Hindistanda keçirilən 19-cu "Aakruti-My Creation International Film Festival"da iştirak etmişdir (Quarter-Finalist).