Açar bədii filmi Türkiyədə beynəlxalq festivalda iştirak edəcək

“OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsalı olan “Açar” qısametrajlı bədii filmi oktyabr ayında Türkiyənin Əskişəhər və Ankara şəhərində keçiriləcək 12-ci “Accessible Film Festival”ın qısa filmlər proqramına seçilib.

Qeyd edək ki, premyerası Niderland Krallığında “Oscar”, BEFTA və Avropa Film Mükafatlarına vəsiqə qazandıran nüfuzlu “Go Short – International Short Film Festival Nijmegen”də baş tutan və daha sonra bir neçə beynəlxalq festivalda ölkəmizi təmsil edən “Açar” filmi işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev (ELsevƏR), görüntü rejissoru Cavid Oruclu (Delee), quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.

Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.