Tarix animasiya filminin treyleri təqdim edildi

Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalibi olmuş "Tarix" animasiya filminin treyleri təqdim edildi.

Filmdə 8-9 yaşlı oğlan uşağı Qarabağdakı rayonların işğal tarixlərini əzbərləməklə bağlı ev tapşırığını məktəbli kitabçasından yerinə yetirməyə çalışır. Gün ərzində qəhrəmanın işğal tarixlərini əzbərləyə bilməməsi sanki onun bu tarixlərlə heç cür barışa bilməməsi təəssüratını yaradır. Sonda hərbi oyuncaqları ilə oynayaraq yuxuya gedən qəhrəmanın yuxusunda oyuncaqları hərəkətə gəlir və səmada müxtəlif döyüş tapşırıqlarını yerinə yetirirlər. Texnikalardan açılan atəşi səmadakı atəşfəşanlıq əvəz edir. Yuxudan oyanaraq kitabçasında necəsə üzərindən xətt çəkilmiş işğal tarixlərinə baxan qəhrəman onları maraq və qürurla seyr edir...

Filmin ssenari müəllifi Orxan Behbid, rejissoru Ceyhun Türksoy, bəstəkarı Şəmsi Tağıyevdir.

Filmdə Abbas Abbasov, Simran Ağayev, Toğrul Məmmədov, Firəngiz Bağırova, Rüfət İsmayılov Camal Əliyev və başqaları çalışıb.

Qeyd edək ki, film 2022-ci ilin sentyabrın 7-dən 11-dək Bakıda keçiriləcək V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında iştirak edir.