“Açar” bədii filmi Hindistanda beynəlxalq festivalda iştirak edib

“OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsalı olan “Açar” qısametrajlı bədii filmi Hindistanda keçirilən 12-ci “Pune” Beynəlxalq Qısa Filmlər Festivalının əsas müsabiqə proqramında iştirak edib.

Dünyanın müxtəlif ölkələrindən qısametrajlı filmlərin nümayiş olunduğu festival 3-5 iyun tarixində keçirilib.

Cari ilin aprel ayında Niderlandda “Go Short” Beynəlxalq Qısa Filmlər Festivalında ölkəmizi təmsil edən “Açar” filmi işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev (ELsevƏR), görüntü rejissoru Cavid Oruclu (Delee), quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.

Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.