Tarix filmi qaliblər sırasında yer alıb

Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalibləri elan olunub.

Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, habelə Vətən müharibəsində qazanılmış Böyük Zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə elan olunmuş müsabiqənin DFF-də keçirilən Pitçinq mərhələsində iştirak hüququ qazanan 26 layihə Münsiflər heyəti tərəfindən bədii-kinematoqrafik keyfiyyətləri nəzərə alınaraq qiymətləndirilib.

Seçim prosesi münsiflərin açıq səsverməsi yolu ilə həyata keçirilib.

Müsabiqədə 5 bədii, 4 sənədli, 2 animasiya olmaqla, ümumilikdə 11 layihə qalib gəlib. 

Qalib layihələr sırasında "OB FILM" MMC-nin təqdim etdiyi "Tarix" adlı qısametrajlı animasiya filmi də yer alıb.

Qeyd edək ki, "Tarix" animasiya filminin ssenari müəllifi Orxan Behbid, quruluşçu rejissoru Ceyhun Türksoy, rəssamı Kübra Binnətovadır.